Pages

Təlim: Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı

Tarix: 11 Fevral, Ünvan: Fabrika Coworking Center - Nizami küçəsi 92.

Fərhad Mikayılov: “Savadsız insanı istismar etmək daha asandır”

"Təhsil" Cəmiyyətinin eksperti Fərhad Mikayılovun Zaman qəzetinə müsahibəsi.

Bəxtiyar Vahabzadə təqaüdü təsis edilib.

Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.

Şura Maliyyə Hesabatlarında dəyişiklik etdi!

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ünvanladığı 02 mart 2012-ci il tarixli 10/03-72-1175 nömrəli məktubunda aşağıdakıların QHT-lərin nəzərinə çatdırılmasının vacibliyi vurğulanı

Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

26 Aralık 2012 Çarşamba

Fikrət Rzayevin Söz Konstruktorluğu əsəri

Fikrət Rzayev
Söz Konstruktorluğu

Kitabın Elektron versiyasını YÜKLƏ.


30 Ağustos 2012 Perşembe

Azərbaycan əlifbası dəyişdirilir?


Hazırkı latın qrafikalı Azərbaycan əlifbasında dəyişiklik edilməsinə ehtiyac var. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib.

Bu fikrini elmi cəhətdən əsaslandıran Veysəllinin sözlərinə görə, bu gün Azərbaycan əlifbasında külli miqdarda olmasa da, bir neçə artıq işarə var.

O hesab edir ki, əlifbamızdakı "q", "ğ", "ə", "ç" hərfləri daha münasib formada yazıla bilər. İnternetlə yazışan zaman da bu hərflərdən istifadə etdikdə çətinliklər yaranır.

Onların nə ilə əvəzlənməsinə gəldikdə, Veysəlli deyib ki, bunu hələ fikirləşmək lazımdır. Bunun üçün qrafemlərin birləşməsindən də istifadə etmək olar.

Veysəlli Azərbaycan dilində "ə"nin hazırkı yazılış formasını elmi cəhətdən düzgün saymır.

O bildirib ki, Azərbaycan dilində "ə" istisna olmaqla, bütün incə saitlər qalın saitlərin üzərinə (ö, i, ü) nöqtə qoymaqla yaradılıb. Bu simmetriyanı gözləmək baxımından "ə"-ni də "a" hərfinin üzərinə iki nöqtə qoymaqla yazmaq olar. "ə" hərfinin belə yazılması elmi cəhətdən daha düzgün olar.

Veysəlli hesab edir ki, almanlar "ç" səsini latın "tsch", ingilislər "ch" qrafem birləşməsi kimi verirlər. Bunun üçün onlar yalnız latın əlifbasından istifadə ediblər. Bunu ən gözəl optimal variant sayan alimin fikrincə, Azərbaycanda da "ç" qrafemlərin birləşməsi kimi yazıla bilər.

"Biz "ç" yazanda aşağısında "quyruq" qoyuruq. Buna nə ehtiyac var idi ki? Dünyanın heç bir əlifbasında "ç" dördüncü hərf deyil. Çünki ona ehtiyac yoxdur", - direktor əvəzi qeyd edib.

O əlavə edib ki, bütün Avropa, o cümlədən almanlar vahid latın əlifbasından istifadə edirlər. Amma hər bir xalq müəyyən mənada oraya öz yeniliyini əlavə edir.

"Əgər biz latın qrafikalı əlifbadan istifadə ediriksə, sandıqda nə varsa, ondan istifadə edilməlidir. Yenidən latın qrafikalı əlifbaya işarə əlavə etməyə ehtiyac yoxdur. Çünki onda "calaq əlifba" olacaq", - alim qeyd edib.

Dilçi onu da bildirib ki, türkdilli xalqlar üçün vahid türk əlifbasının yaradılması mümkün məsələdir. Bu halda hərflərin heç birinə yenilik etmək lazım deyil. Sadəcə olaraq, bu halda da latın əlifbasındakı hərflərdən istifadə etməklə ya müəyyən birləşmələrdən, ya da diakritik işarələrdən istifadə etmək olar.

Veysəllinin fikrincə, vahid türk əlifbasının yaradılması mümkün olsa da, ortaq türk dilinin yaradılması elmi cəhətdən böyük problemdir.

"Sizcə, Anadolu, Osmanlı türkləri öz dillərindən imtina edib Azərbaycan dilinə keçərlər? Və ya biz öz dilimizdən imtina edərək başqa dilə keçərik? Bu, çətin, uzun sürən bir prosesdir. Bunun üçün vahid iqtisadiyyat, bazar və siyasi birlik olmalıdır", - alim əlavə edib.

1 Ağustos 2012 Çarşamba

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başladı


Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başladı


Bu gündən etibarən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlayıb.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. 

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər bu gündən avqustun 24-dək internet vasitəsi ilə elektron ərizələrini doldura bilərlər. Abituriyentlər tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq edirlər. SQK-lar hər gün (şənbə və bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Abituriyentlər tələb olunan sənədləri təyin olunan SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirməklə yanaşı, hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. Cari tədris ilində ümumi orta təhsil bazasında (9 illik) 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dır. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır.

31 Temmuz 2012 Salı

IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlumdur


IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlumdur

2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə  IV ixtisas qrupu üzrə iyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 30-da TQDK-nın internet saytında  yerləşdiriləcəkdir.  
 Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcəkdir. 
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.  
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 15408 abituriyentlərdən 1010 nəfəri imtahanda iştirak etməmişdir.  
İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. 
 Test imtahanının nəticəsinə əsasən 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 2  nəfər maksimal nəticə-700 bal toplayıb.  
İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.  

IV  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər: 

Ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər. 
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. 
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.  
QEYD: Aqrar ixtisaslar üzrə ixtisas seçiminə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılacaqlar.  
Mənbə: tqdk.gov.az

29 Haziran 2012 Cuma

Yaradıcı Sahibə sahib olmaq olmaz!


Yaradıcı Sahibə sahib olmaq olmaz!


Son illərdə Azərbaycanda neft hasilatının tükənəcəyi səslənir. Bu fikir kökündən yanlışdır. Karbohidrogen ehtiyatlarının, faydalı qazıntılarının, flora və faunanın tükənməsi üçün ilk növbədə yer planetində dərin qatlarda su ehtiyatlarının tamamilə tükənməsi lazımdır ki, bu da mümkün deyil. Çünki Yer kürəsi bizim Günəş sistemində nüvəsinə görə aktiv bir planetdir.

I – Su: təbiətin və insanın həyatında...

Yer kürəsi mərkəzində olan nüvə yaranışa bir kömək və işıq potensialıdır. O potensial olmadan planetdə su və oksigen varlığı mümkün deyil.

Yaranış anından varlıqlara nisbi nəm qədəri ayrılıb. Dərin qatlarda nəm laydan-laya, qatdan qata, süxurdan süxura keçməklə o layın tamlığa gəlməsinə köməkçi komponentdir. Nüvə planetin mərkəzində aktiv olduğundan, dərin qatlarda gedən proseslər yer səthinə  yönəlməmədir (heç bir varlıq fəsil-fəsil bizim planetə kənardan su daşıyıb tökmür). Kürə daxilində nəmlik prosesi o qədər bərabər dəqiqlikdədir ki, nisbi nəmlik laydan-laya, qatdan-qata, süxurdan-süxura dayanmadan hərəkət edərək faydalı qazıntıları hasilə gətirib son nəticədə suyu yer səthinə qaldırır. Bu proses bir zəncir birləşməsinə və ötürücüsünə bənzəyir. O nəmlərin nəticəsində kürə kürə dərinliklərində fasiləsiz proses davam edir. Gedən proseslər nəticəsində bəşəriyyətə vacib bir birləşməni – xam nefti (eləcə də, digər faydalı qazıntıları) hasilə gətirir. Təbii qaz isə bir kondensat kimi onu hifz edir.

Kürə qatlarında nisbi nəmlik getməsəydi, qızıl, gümüş, platin, almaz, dəmir, mis və s. əldə olunması mümkünsüz olardı. D.Mendeleyevin tərtib etdiyi cədvəldə kimyəvi elementlər yer tutur. Lakin kürə qatlarında kimyəvi elementlər birləşməsi daha çoxdur.

Göl, çay suları bitki aləmini hasilə gətirir  və dayanmadan ayrılma baş verir. O ayrılmadan buludlar yaranır, o buludlardan yağışlar, qarlar, dolular əmələ gəlir. O çevrilmə prosesi hava və hava qatını yaradır.

II- ...axır, sıxılır, buxarlanır, donur!

Bəşərə, canlı varlıqlara bax, canlı varlıq hərəkətdədir. Onun hərəkətverici mexanizmi oynaqlarındadır. Sümük arasında olan isə mayedir (tibbdə ona “sinovyal” deyilir). O maye əsasdır. Göz qapaqları və göz hər an hərəkətdədir. 40 dərəcə istidə o maye buxarlanıb yox olmur, 40 dərəcə şaxtada donub gözdə buz olmur. Vücud üzvlərindən ayrılmalar olmasa, oynaqlar hərəkətsiz olar.

H.Cavid əfəndi deyib ki, “Və minəl mai küllü-şeyun hey” – “su ilə canlanır əvət hər şey”.

Su şəffaf, ağ, dadsız maye qədəridir. Eyni zamanda suyun sıxılma, buxarlanma, donma və axıcılıq xassəsi də var. Su həm Kainatımızın, həm təbiətimizin, həm də elə özümüzün həyat hormonudur – axıcılığı və yaradıcı dinamikasıyla əbədi yaşam xüsusiyyəti var. Cəm yaranmışların ona ehtiyacı var. İlahi Qədəri Tanrıdandır. Yaradandan kainatlara və varlıqlara nisbi nəmlik qədəri ayrılmasa idi, cəm varlıqlar quruluqdan alovlanardı.

III – Bəşəriyyət bəhrələnər, yarada bilməz!

Azərbaycanda Duzdağ, Gümüşlüdə gümüş, Parağaçayda molibden, Naftalanda müalicəvi  neft, Abşeronda palçıq vulkanları, Daşkəsəndə mis, Kəlbəcərdə qızıl yataqları, Almaniyada Rur kömür hövzəsi, Ukraynada daş kömür, Rusiyada almaz, qızıl, Braziliyada qəhvə, Ərəbistanda səhra, dənizdə balıqlar, təbiətdə quşlar Yer üzündə bəşəriyyət üçün tükənməzdir. Onlardan bəşəriyyət bəhrələnər, amma onları bəşər hasilə gətirə bilməz.

Yaranmışın Yaradıcı Sahibi var. O Sahibə isə sahib olmaq olmaz. Kainatlara, yer qatına hökm etmək olmaz.

IV- İnsanın Kainatdan istəyi...

Bu yer məkanı necə olaydı?

Bu yer planeti elə bir yer olaydı ki, mehribançılıqlar başda, rəhm qəlbdə, xeyirxahlıqlar addımlarda, sülh gözlərdə, sədaqət biri-birinə uzanmış əllərdə olaydı.

Onda nələr olardı?

Dillər bal olardı, nəfəslər rahat, işıqlar çox, ruzilər rəvan olardı. Dərmanlar əvəzinə şirin sular olardı. Onda bəşəriyyət bu cənnətdən “o cənnətə” köçmədə olardı. Əzablar insan varlığından yox olardı. Xoşbəxt yaranış, xoşbəxt bəşər onda olardı.


Vahid RZAYEV

Yer üzü və insan faktoru !


Yer üzü və insan faktoru
Min illərlə planetimiz dağıntılara, faciələrə, bir-birini əvəzləyən sağalmaz xəstəliklərə düçar olub. Bu hallar hələ də davam etməkdədir!
I.  Etinasızlıqlarımız
Bu hallar arasında səbəbləri araşdırmaq istədim. Tarixlər, elmlər, müharibələr, inanclar da bəşəriyyəti birliyə gətirə bilmədi.
Səbəblər nə idi?
İnsanların bir-birinə qarşı etinasızlıqları, təşəkkürsüzlüyü, yer üzünə hakimi-mütləqlik iddiaları! Ətrafa, varlıqlara etinasızlıqlarının nəticələri idi. İnsanlar arasına düşünülmüş yalan, iftira yaymaq ancaq və ancaq mədə, pul, qanlı zorakılıqlar, elmsizlik, insanı insan qarşısında bir aciz qul qədərinə yendirmək məqsədi daşıyıb. Onların əksinə isə, sağalmaz xəstəliklər, daşqınlar, uğursuzluqlar  kainatdan bəşəriyyətə bir cəza kimi göndərildi.
Bunlar heç də ekologiya, təbiət hadisələri deyildi.
Bunlar bəşəriyyətə xəbərdarlıq idi.
II. Borclu insan
Əsrlərlə bəşəriyyəti o qədər ictimai davranış, düşüncə, zorakılıqlarla məcburi borclu ediblər ki, insan insanın, kainatın qarşısında təfəkkürü və borcunun nədən ibarət olduğunu tamamilə unudub. Elə bir mərhələyə can atırıq ki, olan həqiqətləri də unudaq. Hər bir halın “sonsuz qədərində dəyərsiz və mənasızdır” anlayışlarına sürüklənirik. İnsan fərqlərdə yox, FƏRDLƏRDƏDİR. O, daha da yüksəkliklərdədir. Amma ölçü və məsafə meyarına sığmayan insan “mən niyə yaranmışam” sualı ilə üsyana qalxıb.
III. Cahillik və kamillik
Cahillik kamillik qarşısında aciz olmalıykən, kamillik cahillik qarşısında aciz olubdur,  sanki aradan uzaqlaşıb yox olubdur.
Bəşər bəşəri dərk etmək istəmir – bu, qəribədir!
Bəşəriyyət arasından mehribançılıqlar uzaq olubdur – bu, qəribədir!
Bəşər özünü, bəşəriliyinin nədən ibarət olduğunu dərk edə bilmir – bu, qəribədir!
Yer üzündə olan dağıntılar gözü önündədir, görmək istəmir – bu qəribədir!
Bəşər  bir-biri arasında sülhü görmək istəyir, sülhü görmək istəməyənlər də var – bu, qəribədir!
Qitələr dağıntılar arasındadır, sanki yer üzü sürünmədədir, bəşər bu halları dərk edə bilmir – bu, qəribədir!
Bu dağıntılar – aramsız yağışlar, dözülməz istilər, səfalət, xəstəliklər bəşərə bir əlamətdir, dərk edə bilmir – bu, qəribədir!
Çünki insanla insan arasında, ətrafındakılara  etinasızlıqların, təşəkkürsüzlüyün nəticəsidir – bu  isə qəribə deyil!
Fəsillər də daha insanlarla üz-üzə durmadadır! İndiki  mərhələdə (2007-2010-cu illər) bütün tədavül vasitəsi olan pul sayı yerindədir, lakin insanın fəda olmaq istədiyi pul da ondan üz döndərir, o da bir birliyə yığışmır!
Bunlar ittiham deyil, nəticədir!
Nə qədər  qərarlar, müzakirələr, etsələr də, orada bəşəriyyət adına, “rifah və insan varlığı” anlayışı  yoxdur, qitələr  faciələrə bürəlidir. Bu  gediş və davranışlarla yer üzü bir cəhənnəmə dönür, bəşəriyyət sanki “qara varlığı” çağırmaqdadır.
IV. Xilas varmı?
Yer üzü xilas ola bilərmi?
Olar!
Təşəkkürlüdürmü insan:
- əynindəki paltarına;
- yeridiyi küçəsinə;
- oturduğu stuluna;
- ayağındakı ayaqqabısına;
- bugünkü qidasına;
- öz dostuna;
- öz yaxınına;
- öz ərazisinə;
- yer üzünə...
...Kainat, mələklər yaranmışlara rəhmlidirlər! Kainatdan məhdudiyyətlər məhrumiyyətlər deyil, məhrumiyyətlər isə məhdudiyyətlər deyil, ey bəşəriyyət!

Vahid Rzayev

25 Haziran 2012 Pazartesi

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilmişdir

Bakı, 25 iyun (AzərTAc). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirmişdir.
AzərTAc xəbər verir ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar bu il iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etmişlər. Bu hüquqa malik olan bakalavrlardan 8 min 529 nəfəri qəbul proqramını seçərək təsdiqləmişdir.
İmtahan saat 13.00-da başlanmış və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılmışdır.
İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcəkdir. Hər bir bakalavr imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə biləcəkdir.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

14 Mart 2012 Çarşamba

Şura Maliyyə Hesabatlarında dəyişiklik etdi!

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ünvanladığı 02 mart 2012-ci il tarixli 10/03-72-1175 nömrəli məktubunda aşağıdakıların QHT-lərin nəzərinə çatdırılmasının vacibliyi vurğulanır: “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir. Həmin Qanunun və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilib. Adı çəkilən Qaydanın 5.1-ci bəndinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir. Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı və Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirliyin rəsmi internet saytında (www.maliyye.gov.az) yerləşdirilib.

Yuxarıda sözügedən Qaydanın 3.1-ci bəndinə uyğun olaraq, qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının komponentləri aşağıdakılardan ibarətdir:

- Maliyyə vəziyyəti haqqında hesabat. Forma № 1;
- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Forma № 2;
- Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat. Forma № 3;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Forma № 4; 
- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. 

Qeyri-hökumət təşkilatları tərəfindən tərtib edilmiş maliyyə hesabatları elektron formatda Maliyyə Nazirliyinə təqdim edildikdə bu hesabatlar Word, Exel, Adobe acrobat (PDF) formatlarında qht-hesabat@maliyye.gov.az email ünvanına göndərilə bilər.”

Məlumat üçün üçün bildirirk ki, Şura tərəfindən bu il də QHT-lərə yuxarıda göstərilən hesabatların hazırlanması üçün köməklik işi təşkil edilmişdir. Bu sahədə çətinlik çəkən təşkilatlar “Gənc mühasiblər” İctimai Birliyinə müraciət edə bilərlər. 

Əlaqə telefonu 012-511-06-11 

4 Mart 2012 Pazar

Bəxtiyar Vahabzadə təqaüdü


Modern.az saytının məlumatına görə, Azərbaycanın bəzi ali məktəblərində təhsil alan bir qrup tələbəyə "Bəxtiyar Vahabzadə adına" təqaüd verilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə  xalq şairi Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.
Həmin qərarın icrasını təmin etmək məqsədilə təhsil naziri Misir Mərdanov da 27 dekabr 2009-cu il tarixində əmr imzalayıb.
Bu barədə Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə məlumat verib. O qeyd edib ki, nazirin sözügedən əmrində ölkənin 4 ali məktəbinin filologiya fakültəsində təhsil alan tələbələrə təqaüd verilməsi göstərilib.
“Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetidir. Bu universitetlərin filologiya fakültəsində təhsil alan və ali məktəb rəhbərliyinin seçdiyi tələbələrə "Bəxtiyar Vahabzadə adına" təqaüd verilir”.
B.Hüseynzadənin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu dörd universitetin hər birindən yalnız 1 tələbəyə “Bəxtiyar Vahabzadə adına” təqaüd verilir və nazirin əmri ilə bu işin icra olunması həmin ali məktəblərin rəhbərlərinə tapşırılıb. Nazirlik rəsmisi təaqüdün hər il verildiyini qeyd edib.

“Təqaüdün məbləği əvvəllər 100 manat idi, 27 dekabr 2011-ci ildən sonra isə 110 manat olub”.
Modern.az saytının məlumatına görə, tədris ilinin hər bir semestri üçün tələbələrə "Bəxtiyar Vahabzadə adına" təqaüdün verilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında  Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
Təqaüdün verilməsi dövlət büdcəsində müvafiq ali təhsil müəssisəsi üzrə nəzərdə tutulmuş təhsil xərcləri hesabına həyata keçirilir.

Aytən ƏLİYEVA

“Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib

Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib.

Komitə sədri Ziyad Səmədzadə deyib ki, bu qanun layihəsinin meydana çıxması dövrün tələbidir. O bildirib ki, dünyanın əksər ölkələrində təhsil kreditlərinin verilməsi təcrübəsi mövcuddur: “Azərbaycanda bu mexanizm necə olmalıdır? Bunun bank sektoruna, təhsil sektoruna necə təsir göstərəcəyini öyrənmək lazımdır. Ona görə də qanun layihəsi rəyləri öyrənilmək üçün Mərkəzi Banka, Təhsil Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə göndərilib”.

Komitə sədri qanun layihəsinin millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli tərəfindən hazırlanaraq parlamentə təqdim olunduğunu vurğulayıb.

Daha sonra qanun layihəsinin müəlliflərindən olan Əli Məsimli “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatını keçirib. Ə. Məsimli qeyd edib ki, müvafiq qurumların rəyləri qanun layihəsinin təkmilləşdirilməsində nəzərə alınacaq.

Millət vəkili bəyan edib ki, qanun layihəsi hazırlanarkən inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib. Hesablamalar və təhlillər aparılıb. Qanun layihəsində təhsil kreditlərinin verilmə qaydaları, şərtləri, müddəti və s. məsələlər yer alır. Ə. Məsimlinin sözlərinə görə, aparılan hesablamalara əsasən təhsil kreditlərinin verilməsi üçün 15 milyon manat vəsait tələb olunur. Bu isə təhsil xərclərinin çox cüzi hissəsini təşkil edir.

İclasda həmçinin 2011-ci il payız sessiyasının yekunu və 2012-ci il yaz sessiyasında İqtisadi siyasət komitəsinin qanunvericilik işləri planı barədə məlumat verilib.

Sonda İqtisadi siyasət komitəsinin qanunvericilik işlər planı təsdiqlənib.
 


Keçid >>

23 Ocak 2012 Pazartesi

Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
           ELAN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarını və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə layihələrin qəbulunu elan edir. 
- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
- gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- gənclər arasında sağlam həyat tərzinin təbliği;
- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak;
- “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər.

14 Ocak 2012 Cumartesi