Pages

4 Mart 2012 Pazar

Bəxtiyar Vahabzadə təqaüdü


Modern.az saytının məlumatına görə, Azərbaycanın bəzi ali məktəblərində təhsil alan bir qrup tələbəyə "Bəxtiyar Vahabzadə adına" təqaüd verilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə  xalq şairi Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" 4 (dörd) təqaüd təsis edilib.
Həmin qərarın icrasını təmin etmək məqsədilə təhsil naziri Misir Mərdanov da 27 dekabr 2009-cu il tarixində əmr imzalayıb.
Bu barədə Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə məlumat verib. O qeyd edib ki, nazirin sözügedən əmrində ölkənin 4 ali məktəbinin filologiya fakültəsində təhsil alan tələbələrə təqaüd verilməsi göstərilib.
“Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetidir. Bu universitetlərin filologiya fakültəsində təhsil alan və ali məktəb rəhbərliyinin seçdiyi tələbələrə "Bəxtiyar Vahabzadə adına" təqaüd verilir”.
B.Hüseynzadənin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu dörd universitetin hər birindən yalnız 1 tələbəyə “Bəxtiyar Vahabzadə adına” təqaüd verilir və nazirin əmri ilə bu işin icra olunması həmin ali məktəblərin rəhbərlərinə tapşırılıb. Nazirlik rəsmisi təaqüdün hər il verildiyini qeyd edib.

“Təqaüdün məbləği əvvəllər 100 manat idi, 27 dekabr 2011-ci ildən sonra isə 110 manat olub”.
Modern.az saytının məlumatına görə, tədris ilinin hər bir semestri üçün tələbələrə "Bəxtiyar Vahabzadə adına" təqaüdün verilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında  Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
Təqaüdün verilməsi dövlət büdcəsində müvafiq ali təhsil müəssisəsi üzrə nəzərdə tutulmuş təhsil xərcləri hesabına həyata keçirilir.

Aytən ƏLİYEVA

0 yorum:

Yorum Gönder