Pages

4 Mart 2012 Pazar

“Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib

Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib.

Komitə sədri Ziyad Səmədzadə deyib ki, bu qanun layihəsinin meydana çıxması dövrün tələbidir. O bildirib ki, dünyanın əksər ölkələrində təhsil kreditlərinin verilməsi təcrübəsi mövcuddur: “Azərbaycanda bu mexanizm necə olmalıdır? Bunun bank sektoruna, təhsil sektoruna necə təsir göstərəcəyini öyrənmək lazımdır. Ona görə də qanun layihəsi rəyləri öyrənilmək üçün Mərkəzi Banka, Təhsil Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə göndərilib”.

Komitə sədri qanun layihəsinin millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli tərəfindən hazırlanaraq parlamentə təqdim olunduğunu vurğulayıb.

Daha sonra qanun layihəsinin müəlliflərindən olan Əli Məsimli “Təhsil kreditləri haqqında” qanun layihəsinin təqdimatını keçirib. Ə. Məsimli qeyd edib ki, müvafiq qurumların rəyləri qanun layihəsinin təkmilləşdirilməsində nəzərə alınacaq.

Millət vəkili bəyan edib ki, qanun layihəsi hazırlanarkən inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib. Hesablamalar və təhlillər aparılıb. Qanun layihəsində təhsil kreditlərinin verilmə qaydaları, şərtləri, müddəti və s. məsələlər yer alır. Ə. Məsimlinin sözlərinə görə, aparılan hesablamalara əsasən təhsil kreditlərinin verilməsi üçün 15 milyon manat vəsait tələb olunur. Bu isə təhsil xərclərinin çox cüzi hissəsini təşkil edir.

İclasda həmçinin 2011-ci il payız sessiyasının yekunu və 2012-ci il yaz sessiyasında İqtisadi siyasət komitəsinin qanunvericilik işləri planı barədə məlumat verilib.

Sonda İqtisadi siyasət komitəsinin qanunvericilik işlər planı təsdiqlənib.
 


Keçid >>

0 yorum:

Yorum Gönder