Pages

NİZAMNAMƏMİZ



“TƏHSİL” CƏMİYYƏTİNİN
NİZAMNAMƏSİ
Respublikamızda fasiləsiz təhsil sisteminin həyata keçirilməsi ümumxalq işidir. Cəmiyyətdəki yeniləşmə, sosial-iqtisadi inkişaf və elmi-texniki tərəqqi yeni məzmun və keyfiyyət dəyişikliyinə uğramasını zəruri edir. Fasiləsiz təhsilin bütün pillələrinin (ailə, məktəbəqədər, ictimai tərbiyə, ibtidai, natamam orta, ora, orta ixtisas, texniki peşə, ali təhsil, elmi, istehsalat fəaliyyəti, özünütəhsil) istənilən səviyyədə qurulması, şəxsiyyətin hərtərəfli, ahəngdar yetişdirilməsi, hər bir şəxsin həyatla ayaqlaşa bilməsi yalnız dövlət orqanları vasitəsilə deyil, həm də ictimai orqanların köməyi ilə təmin edilə bilər.
Müasir uşaq bağçası, yeni təhsil müəssisələrinin inşası və yaradılması təlim prosesini müasir texnika ilə təchiz edilməsi, məlumat alma mərkəzlərinin yaradılması, ixtisasartırma və təkmilləşmə kurslarının təşkili, əqli-əxlaqi, estetik, fiziki inkişafın, politexnik bacarıqların artırılması, istedadların, yaradıcı şəxslərin, yenilikçilərin həvəsləndirilməsi, onların geniş fəaliyyət göstərməsinə meydan verilməsi ən ümdə və xarakterik cəhətlərdir. Bu vacib işlərin həyata keçirilməsi üçün səmərə verən ictimai cəmiyyətin yaradılmasına ehtiyac vardır. Biz onu “Təhsil” adlandırırıq.
“Təhsil” cəmiyyəti könüllü ictimai özünüidarə təşkilatıdır. Cəmiyyət Azərbaycan Respublikasının Konstitusiyası əsasında və öz Nizamnaməsində müvafiq olaraq fəaliyyət göstərir. Fəaliyyətində demokratiya, plüralizm, şəxsi təşəbbüs, cəmiyyətin hər bir üzvünün məsiluyyətli olması prinsiplərinə əsaslanır.
1. CƏMİYYƏTİN MƏQSƏDİ, VƏZİFƏLƏRİ
 1. Cəmiyyətin əsas məqsədi respublikada fasiləsiz təhsil sisteminin həyata keçirilməsinə, tədris, təlim-tərbiyənin daha da yüksəldilməsinə, kəmiyyət və keyfiyyət dəyişikliklərinə nail olmaqdan ibarətdir. Həmçinin təhsilin bütün pillə və mərhələlərində ona ictimai nəzarət və yardım göstərilməsi təhsil ocaqlarının və məsləhət mərkəzlərinin yaradılması, təlim-tərbiyə verən və təlim alan şəxslərin faydalı iş fəaliyyətinə görə rəğbətləndirilməsi kimi stimullarla gənc nəslin şəxsiyyətlə formalaşmasına və yüksək peşə hazırlığına təsir göstərməkdən ibarətdir.
2. “TƏHSİL” CƏMİYYƏTİNİN BAŞLICA VƏZİFƏLƏRİ AŞAĞIDAKILARDIR:
a) təhsili müasir tələblər səviyyəsində qurmaq, təlim-tərbiyə işlərinin məzmununu zənginləşdirmək üçün tədris müəssisələrinə, maarif ocaqlarına elmi, metodiki, maddi və texniki kömək göstərmək;
b) zəhmətkeşlər arasında elmi nailiyyətləri təbliğ etmək, uşaqların və yeniyetmələrin tərbiyəsində onların valideynlərinə (yaxud valideynləri əvəz edənlərə) pedaqoji kömək göstərmək;
c) respublika və xarici ölkələrin qabaqcıl təlim-tərbiyə təcrübəsini öyrənib ümumiləşdirmək və onun yayıılmasında iştirak etmək;
ç) respublikada fasiləsiz təhsilin həyata keçirilməsini sürətləndirmək, məzmununu və keyfiyyətini yüksəltmək üçün bütün təhsil sisteminin, müəssisə və təşkilatların, ailələrin, ayrı-ayrı şəxslərin diqqətini bu işə cəlb etmək və məsuliyyətini artırmaq;
d) istedadlıları, yenilikçiləri, yaradıcı və təşkilatçı fərdləri seçmək, qiymətləndirmək, inkişaf etdirmək, irəli çəkmək, şərait yaratmaq, gənc nəsildə əməyə, təhsilə şüurlu maraq oyatmaq və maneələri aradan qaldırmaq;
e) təhsilin bütün pillə və mərhələlərində ona nəzarət etmək və “Təhsil” qanununa əsasən alternativ təsərrüfat hesablı təhsil ocaqları (litseylər, texniki peşə məktəbləri, koleclər, institutlar, universitetlər bə s.) çox pilləli (bakalavr, magistr, doktorantura) elmi kadrlar yetişdirmək, elmi dərnəklər təşkil etmək və onlara beynəlxalq standart hüququna malik diplomlar vermək, bu təhsil ocaqlarına həm respublika, həm də xarici ölkələrdən ibarət abiturient qəbulunu və mütəxəssislərin cəlb edilməsini təşil etmək, məsləhət mərkəzləri yaradılmasına nail olmaq, təsərrüfat quruculuğu mədəniyyətini yüksəltmək üçün tərbiyənin elmi əsaslarla təşkilinə kömək etmək, əməyə maraq və vərdiş yaratmaq üçün şagird, tələbə kooperativ təsərrüfatları yaradılmasını (kompleks şəkildə) təşkil etmək;
ə) cəmiyyətdə təhsilə yeni münasibət aşılamaq, təhsil prosesini saflaşdırmaq, burada oxuyanların və işləyənlərin seçilməsinə kənar təzyiqləri aradan qaldırmaq, müəllim şərəfini və səlahiyyətini yüksəltmək, valideyn-müəllim məsuliyyətini artırmaq, təhsil sistemində “MARAQ-MƏSULİYYƏT-DİQQƏT-MƏNİMSƏMƏ” prinsipini həyata keçirmək;
f) dövlət və müvafiq idarə, müəssisələr qarşısında xalq təhsili ilə əlaqədar məsələ qaldırmaq, onun səmərəli həllini tələb etmək, təhsil sistemini, şuralarının, şöbələrinin işinə kömək və nəzarət etmək;
g) ehtiyacı olan, istedadına görə fərqlənən şagird, tələbə və müəllimlərə, qabaqcıl pedaqoji koolektivlərə və tədqiqatçılara maddi yardım, yaxud mükafat vermək;
ğ) kooperativ təşkili ilə peşə mədəniyyətini yüksəldilməsinə və öyrədilməsinə, differensial biliklər verilməsinə, dil öyrədilməsinə nail olmaq, informasiya yaxud bilik mərkəzləri yaratmaq;
h) cəmiyyət üzvü olan şəxs və ya kollektivin təşəbbüslərini, səmərəli təkliflərini müdafiə etmək və kömək göstərmək;
ı) təhsil sisteminin bütün sahələrində məsuliyyəti artırmaq, obyektivliyi aşkar etmək və qayğını gücləndirmək;
 i) körpələr, uşaq evlərinin, uşaq bağçalarının şəraitinin yaxşılaşdırılmasına kömək etmək;
k) kadrların seçilməsində və yerləşdirilməsində yaxından iştirak edir, öz məsləhətlərini və təkliflərini verir;
 q) olimpiadalar, sənətlər üzrə müsabiqələr, elmi konfranslar təşkil etmək, beynəlxalq, respublika konfranslarının qaliblərini, onları yetişdirən professor-müəllimləri, akademiya əməkdaşlarını mükafatlandırmaq;
l) tədris üçün keyfiyyətli dərsliklər, dərs vəsaitləri yazmağa və tərcümə etməyə, təlimin texniki vəsaitlə öyrənilməsi, kompüter texnikasının, informasiya vasitələrinin tədbiqinə səy göstərənlərə şərait yaratmaq, yardım göstərmək və mükafatlandırmaq;
m) təhsil sisteminin vahid mətbuat mərkəzini, xüsusi təhsil radio və televiziya studiyasını yaratmaq, elmi praktik konfranslar, simpoziumlar, nəzəri diskussiyalar keçirmək, metodik tövsiyələr hazırlamaq, elmi və ya iş təcrübəsinə aid əsərlər nəşr etdirmək, radio və televiziya verilişləri təşkil etmək;
n) təhsil sistemi işçilərinə xidmət edən istirahət düşərgələri, sağlamlıq, istirahət-yaradıcılıq zonaları yaratmaq və yaşayış binaları tikmək nəzərdə tutulur;
o) Bilavasitə təhsilə təsir göstərən səhiyyə, hüquq, ticarət, inşaat, nəqliyyat, sənaye, kənd təsərrüfatı bə s. sahələrin mədəniyyətinin, xalqa xidmətinin səviyyəsinin yüksəldilməsində yaxından iştirak etmək, orada işlərin keyfiyyətli təşkilinə nəzarət etmək və kömək etməli;
ö) Xarici ölkələrin təhsil müəssisələri ilə əlaqə yaratmaq, xarici ölkələrdə Azərbaycanı hərtərəfli təbliğ edən mərkəzlər, təhsil müəssisələri və ya onların filiallarını yaratmaq, mübadilə yolu ilə mütəxəssislər hazırlamaq, konfranslar, seminarlar, simpoziumlar, müsabiqələr, lotereyalar, auksionlar və s. təşkil etmək.
II. CƏMİYYƏTİN ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3. “Təhsil” cəmiyyəti fərdi və kollektiv üzvlərdən ibarətdir. Yaşı 14-dən yuxarı olan səmərəli təlim yaxud əmək fəaliyyəti göstərən, onun nizamnaməsini qəbul edən hər bir şəxs cəmiyyətin üzvü ola bilər.Cəmiyyətə üzvlük könüllülük əsasındadır.
4. Cəmiyyətin üzvlük haqqı ildə 60 və ya ayda 5 manat müəyyən edilir.
5. Cəmiyyətin üzvləri qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirməyə, kütlələrə izah etməyə, ailə, müvafiq idarə, müəssisə və təşkilatların xalq təhsili ilə əlaqələrin yaranmasına və möhkəmlənməsinə diqqəti cəlb etməyə, yeniyetmə və gənclər arasında vətənpərvərlik, zəhmətsevərlik, təbiətə məhəbbət, yaşlılara hörmət, halallıq və doğruluq kimi ümumbəşəri əxlaq, normalarının formalaşmasına çalışmalıdırlar.
6. Cəmiyyət üzvü cəmiyyətin xətti ilə keçirilən bütün kütləvi tədbirlərdə iştirak etmək, onun imtiyazlarından, maddi və mənəvi yardımından istifadə etmək, bütün orqanlarına sorğu-sual və təkliflər vermək, onun orqanlarına seçmək və seçilmək hüququna malikdir.
7. Cəmiyyətin hesabına ayrı-ayrı müəssisələr, idarələr, təşkilatlar, valideynlər, alimlər, sənətkarlar, yaradıcılıq ittifaqları və s. könüllülük əsasında istənilən məbləğdə vəsait keçirə bilərlər.
8. “Təhsil” Cəmiyyəti İdarə heyəti və sədrin qərarı ilə toplanmış vəsaitdən şagird və tələbələrə təqaüdlərə, mükafatlara, yaradıcı, yenilikçi müəllimlərə mükafatlara; təlim, tədris işinə, onun şəraitinin yaxşılaşdırılmasına; cəmiyyətin saxlanması və keçirilən tədbirlərə sərf edə bilər.
9. Cəmiyyətin Nizamnaməsini pozan şəxslər üzvlükdən xaric olunurlar.
III. CƏMİYYƏTİN  İDARƏ ORQANLARI
10. Cəmiyyətin Mərkəzi orqanları:
a) Cəmiyyətin qurultayı, qurultaylar arası konfrans;
b) Cəmiyyətin Şurası: Ağsaqqallar şurası, idarə heyəti;
c) Cəmiyyətin təftiş komissiyası.
11. Cəmiyyətin ali orqanı üç-beş ildən bir ən azı bir dəfə çağırılan qurultaydır. Qurultayın çağırılma vaxtı, yeri, nümayəndələrin miqdarı və gündəliyi qurultaya ən azı üç ay qalmış elan edilir.
12. Cəmiyyətin qurultayı və konfransı: a) Cəmiyyətin nizamnaməsini müzakirə və qəbul edir, onu dəyişdirir və əlavələr edir; b) Mərkəzi Şuranı (Ağsaqqallar Şurasını, İdarə Heyətini və onun sədrini), Təftiş Komissiyasını seçir və yaradıcı qrupların sayını müəyyən edir, onların hesabatlarını dinləyir və təsdiq edir; c) Cəmiyyətin vəzifələrini müəyyənləşdirir, irəli sürülmüş məsələləri müzakirə edir və qərarlar həlledici səslə seçilən nümayəndələrin ən azı yarısının iştirakının səs çoxluğu ilə qəbul olunur; ç) Cəmiyyətin işinə ancaq praktiki fəaliyyətinə və əldə etdiyi real nəticələrə görə qiymət verilir.
13. Cəmiyyətin Mərkəzi Şurası: a) Mərkəzi Şura qurultaylararası müddətdə Cəmiyyətin rəhbər orqanı hesab olunur, ildə bir dəfədən az olmayaraq konfrans çağırır, nizamnaməyə uyğun olaraq rəhbərlik edir; b)  Cəmiyyətin qurultayını keçirir, onun fəaliyyətinə aid olan dövlət qərarlarının yerinə yetirilməsini təşkil edir, nizamnamənin yerinə yetirilməsinə nəzarət edir; c) Cəmiyyətin üzvlərindən ən azı üçdə birinin tələbi, yaxud özünün təşəbbüsü ilə cəmiyyətin növbəti və ya növbədənkənar qurultayını, müşavirələrin, elmi-praktik konfranslarını çağırır, onların vaxtını, yerini və nümayəndələrin miqdarını müəyyənləşdirir; ç) Cəmiyyətin Mərkəzi Şurası və ya Ağsaqqallar Şurası, İdarə Heyətinin və Təftiş Komissiyasının hesabatını, onlar tərəfindən irəli sürülən məsələləri müzakirə və təsdiq edir; d) Cəmiyyətin maliyyə  və maddi vəsaitini idarə edir; e) Cəmiyyətin mərkəzi aparatının, idarə və təşkilatlarını strukturunun ştatlarını, onların vəsait smetasını, həmçinin fəaliyyətini tənzim edən, nizama salan və təlimatları işləyib hazırlamaq məsələləri daxildir.
14. Ağsaqqallar Şurası: a) Ağsaqqallar Şurasına ən azı yüz bir (101) nəfər seçilir; b) Ağsaqqallar Şurasının tərkibinə respublikanın görkəmli və yaradıcı dövlət, elm, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, alimlər, pedaqoqlar, psixoloqlar, sosioloqlar, müəllimlər, sənaye və kənd təsərrüfatı əməkçiləri və s. seçilir; c) Ağsaqqallar Şurası İdarə heyətinin və Təftiş Komissiyasının iş planını təsdiq edir və onun yeriə yetirilməsinə nəzarət edir.
15. İdarə Heyəti: a) Cəmiyyətin Mərkəzi Şurasının icraedici orqanı onun İdarə Heyətidir; b) öz tərkibindən İdarə heyətinin sədr müavinlərini və məsul katibi seçir; c) yaradıcı qrupları təşkil edir, iş planını hazırlayır, onun smetasını və hesabatını tərtib edir, təbliğat təşviqat işinə rəhbərlik edir, nəşriyyat fəaliyyətinin təşkili üçün redaksiya-nəşriyyat şurası yaradılır; ç) cəmiyyətin sədri və onun müavini cəmiyyətin adından hüquqi əhəmiyyətli (hesab açmaq, kredit almaq, respublikada və xaricdə saziş bağlamaq, etibarnamə sənədləri vermək, işə qəbul etmək, işdən çıxarmaq və s.) fəaliyyət göstərir; d) bütün dövlət və ictimai təşkilatlarda cəmiyyəti təmsil edir; e) cəmiyyətin bütün zonalarda, rayon və şəhərlərdə yerli şöbələrini təşkil edir və onların əsası mənzil istismar sahələrində (MİS) və müəssisə ərazilərində yaranan özəklərdir.
16. Təftiş komissiyası:
Cəmiyyətin Təftiş Komissiyası qurultayda seçilir aparatın təsərrüfat və maliyyə fəaliyyətini, onun smeta və ştat intizamına riayət etməsini, uçot və hesabatın düzgün getməsini yoxlayır və cəmiyyətin qurultayında özünün fəaliyyəti haqqında hesabat verir.
Təftiş komissiyası qurultayda təsdiq olunan təftiş komisiyası haqqındakı müddəalar əsasında fəaliyyət göstərir. Təftiş komissiyasının sədri Mərkəzi Şuranın plenumlarında məşvərətçi səslə iştirak edir. Təftiş Komissiyası Mərkəzi Şuraya daxil olmayan cəmiyyət üzvlərindən seçilir.  
IV. CƏMİYYƏTİN HÜQUQİ MÖVQEYİ VƏ VƏSAİTİ
17. “Təhsil” Cəmiyyəti hüquqi şəxsdir. Cəmiyyət respublikada və xaricdə qanunvericilik qaydalarına uyğun olaraq şəxsən öz adından hər cür sazişlər aparır, müqavilələr bağlayır və digər hüquqi aktlar yerinə yetirir, habelə məhkəmədə, orbitrajda, münsiflər məhkəməsində iddiaçı və cavabdeh kimi çıxış edir.
18. Cəmiyyətin özünün “Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti” sözləri yazılmış, möhr və ştampına malikdir, Embleması, xüsusi blankı da ola bilər.
19. “Təhsil” Cəmiyyəti: a) elmi, pedaqoji, maarif, reklam, məsləhət, ekspert, redaksiya və nəşriyyat, hüquq və istehsalat fəaliyyətini həyata keçirmək; b) öz hesabına müxtəlif eksperiment (bağçalar, məktəblər, litseylər, texnikumlar, institutlar, universitetlər və s.), mərkəzlər (idman, elmi-texniki, informasiya, turizm, ticarət və s.) banklar açmaq, mehmanxanalar, yataqxanalar və başqa əsaslı tikintilər aparmaq; c) cəmiyyətin fəaliyyət məqsədlərinə uyğun olaraq müəssisələr, idarə, təşkilat və mədəniyyət, tədbiqi xalq sənəti, ticarət, sənətkarlıq kooperativləri ə s. yaratmaq; ç) cəmiyyət xalq təhsilinin inkişafı naminə təsərrüfatlarla, yaradıcılıq ittifaqları ilə, sənaye müəssisələri və başqa müəssisə və təşkilatlarla əlaqələndirmə işi aparmaq hüququna malikdir.
20. Cəmiyyətin pul vəsaiti bankda ayrıca hesabda saxlanılır.
21. Cəmiyyətin vəsaiti: a) vətəndaşların və təşkilatların (respublika və xarici ölkə) könüllülük üzvlük haqqından, hədiyyələrdən və digər ianələrdən; b) əmək kollektivlərinin, valideynlərin, yaradıcı ittifaqların, müəssisə və təşkilatların, kooperativlərin, alimlərin və s. yardım vəsaitindən; c) cəmiyyətin özünün müxtəlif sahələrdə fəaliyyəti nəticəsində əldə etdiyi qazancdan, yerinə yetirilən müqavilə öhdəliklərindən, öz nəşriyyatından götürülən qazancdan və cəmiyyət üzvlərinin illik üzvlük haqqından ibarətdir.
22. Cəmiyyət özünün bütün müəssisələri, idarələri, təşkilatları və s. struktur bölmələri ilə birlikdə respublika dövlət büdcəsinə daxil olan vergiləri, dövlət rüsumların və digər gömrükləri qüvvədə olan qanunvericiliklər əsasında ödəməlidir.
23. “Təhsil” Cəmiyyəti öz qurultayının qərarı ilə ləğv oluna bilər.
Nizamnamənin təqdim edilən variantı dəfələrlə müzakirə edilmiş və “Təhsil” Cəmiyyətinin 28/X-89-cu ildə keçirilən konfransında bəyənilmişdir. 15/VIII-90-cı ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində qeydə alınmış, “Təhsil” Cəmiyyətinin 1993-cü il aprel konfransında Azərbaycan Respublikasının müstəqillik qazanması ilə əlaqədar bəzi dəyişikliklər edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ.